Parlament dəyişikliyə `hə` dedi - Türkiyə referenduma gedir


14:29     10 Yanvar 2017 58740c36868576008c457765.jpg

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının irəli sürdüyü konstitusiya dəyişikliyi paketi ilkin səsverməyə qoyulub.


480 deputatın iştirakı ilə keçirilən gizli səsvermədə 338 deputatın `hə` deməsi ilə konstitusiya dəyişiklikləri layihəsinin maddələrinin müzakirəsinə keçid qərara alındı.

Məlumata görə, 39 deputatdan ibarət olan MHP qrupundan dəyişiklik layihəsinə 15 deputat dəstək çıxıb. HDP deputatlarının isə səsvermədə iştirak etmədiyi bildirilir.

Qeyd edək ki, konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi nəzərdə tutur. Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.

Bundan başqa, dəyişikliklər millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.

Layihə parlament tərəfindən qəbul olunub və ümummilli səsverməyə çıxarılacaq. Referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1508